Azərbaycan əhalisinin sayı 9,5 milyon nəfəri ötüb

Ötən il dekabr ayının 1-də Azərbaycan əhalisinin sayı 9 583,2 min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1% artıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-ni şəhər, 46,8%-ni kənd sakinləri təşkil edir.

 

Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub. İlin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.

  

Müəllif | Apa.Tv
Apa.tv