Prezident İlham Əliyev Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Almaniya Federativ Respublikasına işgüzar səfər edib. Dövlət başçısı Berlində Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşüb.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşünün önəmi qeyd edilib. Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması baxımından bu görüşün əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, parlamentlərarası əlaqələrin bu prosesə mühüm töhfə verdiyi bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olunub. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, “Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulanıb.
Prezidenti İlham Əliyev səfər çərçivəsində Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə də görüşüb. Görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olunub, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.