Fransada terror aktı törətmək istəyən 5 çeçen tutulub
Fransa polisi üzərilərində Rusiya pasportu daşıyan 5 çeçeni həbs edib. Onların ölkə ərazisində terror aktları törətmək istədikləri iddia olunur. APA TV-nin məlumatına görə, bu barədə Fransanın bir neçə media orqanı xəbər yayıb. Bildirilir ki, çeçenlərin hamısı ölkənin cənubunda - Lanqedok bölgəsində yaxalanıblar. Təqsirləndirilənlərin dördü Monpelye, biri isə Bezye şəhərində saxlanılıb. Bezyedə tutulan çeçendən partlayıcı maddə aşkar edilib. Ölkə prokuroru İvona Kalve terror məsələsi barədə ehtiyatlı danışmağı məsləhət görüb. "Araşdırmalar hələ yeni başlayır" deyə o, bildirib. Polis isə onların bir neçə terror aktı törətməyi planlaşdırdıqlarını iddia edir. Rusiya XİN də baş verənlərə münasibət bildirib. Nazirliyin saytında yayılan məlumatda qeyd edilir ki, tutulan şəxslərdən birinin adı məlumdur. Monpelyedə saxlanılan Zəlimxan İsmayılov Bezye şəhərində yaşayır. Xatırladaq ki, yanvarın 19-da Fransa nəşri olan Charlie Hebdo jurnalında islam peyğəmbərinin karikaturalarının yayımlanmasına etiraz olaraq Çeçenistan paytaxtında 1 milyonluq mitinq keçirilmişdi.