Azərbaycan prezidenti Almaniyada yüksək səviyyəli görüşlər keçirir
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib. APA TV-nin Avropa müxbiri Fuad Qulubəylinin verdiyi xəbərə görə, prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşüb: "Görüşdə Azərbaycanla Almaniya arasındakı siyasi, iqtisadi və digər sahələrdəki hazırkı münasibətlər, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Müzakirələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq olduğu qeyd edilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə qrup iştirakçılarına ətraflı məlumat verib".
Görüşdə Almaniya şirkətlərinin Azərbaycana daha çox cəlb edilməsinin vacibliyi də qeyd edilib. Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması baxımından bu görüşün əhəmiyyəti vurğulanıb.