Yəməndə üsyançı şiələr ölkə prezidentini paytaxtdan qovdu

Yəməndə qarşıdurmalar daha da şiddətlənib. Ölkə prezidentinin iqamətgahı "Ənsar Allah" hərəkatının üzvləri olan üsyançı şiələr tərəfindən mühasirəyə alınıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, dövlət başçısı Əbd Rabbo Mansur Hadi hazırda Ədenədədir. Bu şəhər Yəmənin cənubunda yerləşir və vaxtı ilə ölkənin paytaxtı olub. Prezidentin olduğu şəhərə bütün yolların bağlandığı qeyd olunur. Ötən ilin sentyabrından üsyançılar paytaxt Sənanın böyük bir ərazisini nəzarətlərində saxlayırlar, beynəlxalq təşkilatlar isə Yəməndə dövlət çevrilişi baş verəcəyindən ehtiyatlanırlar. "BMT TŞ hər iki tərəfi danışıqlara və dialoqa səsləyir, biz, siyasi maraqlar naminə qan tökülməsinə qarşıyıq" deyə qurumun keçmiş sədri çilili Kristian Barros Melet bildirib. Bir neçə gün öncə üsyançı şiələr keçmiş prezident Əli Abdallı Salehin tərəfdarlarının dəstəyi ilə hücum edərək Sənadakı prezident sarayını ələ keçiriblər. Üsyançıların lideri Əbdel Malik əl-Xousi hakimiyyəti bir il əvvəl dialoq nəticəsində əldə olunan razılaşmaya əməl etməməkdə günahlandırır. O, ölkəni federasiyalara bölən yeni konstitusiyanı tənqid edib. Onun fikrincə bu yenilik ölkəni məhvə aparır. Xousi tərəfdarları Yəmənin bütün regionlarında - xüsusilə mərkəzi əyalət hesab olunan və "Əl Qaidə"nin aktiv olduğu Məribdə təhlükəsizliyin dərhal təmin edilməsini, həmçinin tərəflərin iştirakı ilə konstitusiyada islahatların aparılmasını tələb edirlər. Xatırladaq ki, 2011-ci ildə Yəməndə hakimiyyət dəyişikliyi olmuşdu və elə o vaxtdan da ölkə siyasi böhranda yaxa qurtara bilmir.

 

Müəllif | Apa.Tv
Apa.tv