Baş Prokurorluq: Elşad Abdullayevin tutulması üçün beynəlxalq axtarış tədbirləri keçirilir

Baş Prokurorluq Elşad Abdullayevin cinayət işi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və həmin universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

İstintaq zamanı Elşad Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında ittiham olunur.  Sabiq rektorun həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar var. Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bundan başqa, E. Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinə həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) olmadığı halda, qanunsuz göstəriş verdiyi müəyyənləşib. O İsrail vətəndaşları ilə əlbir olub, donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaradıb, hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pulun alaraq dövlətin mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub. Bu faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərdən sui-istifadə maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv