Lənkəranda mağaza və içərisindəki 30 min manatlıq əşya yanıb

Lənkəranda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Kərgəlan kənd sakini, 48 yaşlı  Kamil Rzayevə məxsus avtomobil ehtiyat hissələri mağazasında qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğın söndürülüb, əhatə dairəsinin genişlənməsinin və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümümi sahəsi 120 kv.m olan bir-birinə bitişik iki mağazadan biri tamamilə yanıb, digərinin isə tavan hissəsi qismən yanaraq yararsız hala düşüb. Mağaza sahibi deyib ki,  dükanda 30 min manatlıq avtomobil ehtiyat yedək hissələri olub.

 

Faktla bağlı  araşdırma aparılır.

 

Müəllif | Apa.Tv