Sergey Lavrov: "Dilqəm Əsgərov məsələsi ermənilərlə müzakirə olunacaq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə Ermənistanın Gümrü şəhərində baş vermiş hadisəyə münasibət bildirib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Sergey Lavrov deyib ki, cinayətkarın layiqli cəza alması üçün rəsmi Moskva əlindən gələni edəcək: "Hadisənin siyasiləşdirilməsi cəhdlərini görürük. Çox insan bu faciədən geosiyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərir. Lakin bu, qəbuledilməzdir. Vacib olan odur ki, cinayətkar tutulub. O, artıq ifadə də verib. Cinayət işinin istintaqı və məhkəmə prosesi Ermənistan ərazisində obyektiv keçiriləcək. Əminəm ki, məhkəmə cinayətkara layiqli cəza verəcək".

 

Sergey Lavrov Rusiya vətəndaşı Dilqəm Əsgərovun Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Dilqəm Əsgərovu erməni tərəfi tutub və bu məsələ onlarla müzakirə olunacaq: “Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var. Biz daim onların taleyi, bu şəxslərə qarşı irəli sürülən ittihamların ağırlığı, saxlanma şəraiti, saxlanıldıqları ölkənin onlarla bağlı planları ilə maraqlanırıq və bunun əsasında müvafiq qərarlar qəbul edirik. Qərarlar Rusiyanın müvafiq ölkələrlə ikitərəfli münasibətlərində mövcud olan kanallarla qəbul olunur”.

 

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

 

Müəllif | Apa.Tv
Apa.tv