AMEA-nın strukturunda dəyişiklik edilib
"Malyariya və qarayaraya qarşı effektiv vaksinlərin bitki sistemində ekspressiyası tapılıb".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin sabiq əməkdaşı, Türkiyənin Ağdəniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib. İlk dəfə olaraq, şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiya işlənib hazırlanıb ki, bu texnologiya bitki sistemində malyariya və qarayaraya qarşı effektiv vaksinlərin yaradılmasına imkan yaradacaq.
İclasda akademiyanın strukturunda da dəyişiklik olunub. Dəyişikliklərdən əsası AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat idarəsinin AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsi adlandırılması qərara alınıb. AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov İdarənin Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Eyni zamanda AMEA Rəyasət Heyəti Aparatının strukturuna daxil olan idarə və şöbələrin, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmələrin və regional elmi mərkəzlərin Nizamnamə və Əsasnamələrinin dəyişdirilməsi qərara alınıb.