Prezident: "Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir"

Angela Merkel: “Azərbaycan Almaniyanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də bütün region üçün olduqca vacib məsələdir. Bu fikirləri prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə bəyan edib. Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir: “Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud “status-kvo” vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür. 2012-ci ildə TANAPlayihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə “Cənub qaz dəhlizi” layihəsinin təməli qoyulduğunu deyən prezident qeyd edib ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb: "Buna nail olmaq üçün Avropa İttifaqı ilə AZərbaycan arasında sıx əməkdaşlıq aparılmalıdır. Qeyd edim ki, Cənub qaz dəhlizinin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək". 

Dövlət başçısı deyib ki, Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub: "Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır. İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və sərbəst toplaşma azadlıqları təmin edilib: 

"Azərbaycanda yüzlərlə mətbu orqan var, senzura yoxdur, internetə çıxış sərbəstdir. Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilib. İnternet istifadəçilərinin sayı 75 faizə yaxındır. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Müxtəlif siyasi partiyalar mütəmadi olaraq aksiyalar keçirirlər. Bütövlükdə Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük addımlar atılıb. Çünki biz inanırıq ki, siyasi islahatlar iqtisadi islahatlar paralel aparılmalıdır. Yalnız o halda bu islahatların dayanıqlılığı təmin oluna bilər". 

Angela Merkel isə bildirib ki, iki tərəf arasında səmərəli müzakirələr aparılıb. 
O deyib ki, Azərbaycanın Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır. "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər" - deyə, Merkel bildirib. 

Müəllif | Apa.Tv
Apa.tv