İmişlidə ov zamanı faciə baş verib, ovçu özünü öldürüb
İmişlidə ov zamanı faciə baş verib. APA TV-nin məlumataına görə, hadisə rayonunun Xubyarlı kəndində qeydə alınıb. Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib.
1955-ci il təvəllüdlü Muğdad Cahil oğlu İsrafilov avtomobilində oturaq vəziyyətdə “İJ-43” markalı ov tüfəngi ilə atəş açmaq istəyib. Lakin tüfəngi avtomobilin yan şüşəsindən çıxarmaq istəyərkən güllə onun ayaq nahiyəsinə tuş gəlib. Yaralı İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. O, qan itirmədən dünyasını dəyişib.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.