Şirvanda gəlin və qayınatanın qətlinin səbəbi məlum oldu - TƏFƏRRÜAT

Bu gün səhər Şirvan şəhərində baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə saat 09.00 radələrində qeydə alınıb. Başı kəsilmiş vəziyyətdə tapılan Balakişiyeva Sevinc Məmməd qızının Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü, onun qayınatası Kişiyev Araz Babayar oğlunun isə Şirvan şəhər sakini, 1965-ci il təvəllüdlü olduğu açıqlanıb. Məlum olub ki, Araz Kişiyev Sevinc Balakişiyevanın oğlu Elmir Kişiyevlə evli olmasına etiraz edib. Bununla bağlı son bir ildə ailədə münaqişə yaranıb. Ata dəfələrlə oğlunun qadından boşanmasını tələb edib. Qadın isə hər dəfə buna etirazını bildirib. O da qeyd olunur ki, bir müddət əvvəl kəbin kəsdirən Elmir və Sevinc təxminən bir iləvvəl internet vasitəsi ilə tanış olublar.

 

Binada işləyən fəhlələrin bildirdiyinə görə, Araz Kişiyev bu gün səhər saatlarında evə gəlib və az sona evdən qışqırıq səsləri eşidilib. Onlar evə daxil olmaq istəsələr də, qapının bağlı olduğunu görüblər. Daha sonra hadisə yerinə evin sahibi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

 

Sevinc Balakişiyevanın boğazında, ürəyində və bədəninin digər nahiyələrində çoxsaylı bıçaq xəsarətlərinin olduğu aşkarlanıb.  Araz Kişiyevin isə yalnız boğazında bıçaq yaraları olub.

 

İlkin məlumata görə,  Araz Kişiyev gəlinini qətlə yetirəndən sonra öz boğazını kəsərək intihar edib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları, ekspertlər hadisə yerində araşdırma apardıqdan sonra meyitlər əlavə müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı Şirvan prokurorluğunda istintaq işləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı