OPEK rəhbəri: “Neftin qiyməti 40 dollardan da aşağı düşəcək”
OPEK rəhbəri Abdalla Salem əl-Bədri neftin bir barelinin qiymətinin 40 ABŞ dollarından aşağı düşəcəyini istisna etmir. APA TV-nin məlumatına görə, o, bu bəyanatla Davos Forumunda çıxış edib. "Təklif həddindən artıq çoxdur. İqtisadi inkişaf tempinin aşağı düşməsi isə tələbatı azaldıb. Buna görə də neftin qiymətinin 40 dollar həddinə, bəlkə də daha aşağı düşəcəyi qaçılmazdır" deyə əl-Bədri vurğulayıb.
OPEK rəhbəri ən böyük problemi neftin qiymətinin sürətlə ucuzlaşmasında görüb və bu prosesi əsaslandırmağın çətin olduğunu bildirib. Kartel rəhbəri əlavə edib ki, OPEK-in qərarı ABŞ və Rusiyaya qarşı yönəlməyib: "Bizim nazirlərimiz Vyanada 4 saat davam edən görüşdə dünya bazarındakı vəziyyəti və hasilatın azaldılmaması barədə qərarı dəstəkləyiblər. Biz buna kollektiv şəkildə qərar vermişik".
Əl-Bədrinin sözlərinə görə, OPEK son 10 il ərzində hasilatın həcmini yüksəltməyib. Amma quruma üzv olmayan neft ölkələri hasilatın həcmini bir sutka ərzində 7 milyon barelə qədər artırıblar: “Bu həcmi əldə etmək üçün isə bir barelin qiyməti 100 ABŞ dolları dəyərində olmalı idi. Biz həmin ölkələrlə danışıqlara cəhd etsək də, bu, baş tutmadı. Buna görə də biz hasilatı eyni qaydada saxlamaq qərarına gəldik və diqqəti bazarda baş verən proseslərə yönəltdik. Bu qərar ABŞ və Rusiyanın, yaxud başqa bir ölkənin hər hansı layihəsinə qarşı yönəlməyib. Bu, sırf iqtisadi qərardır" deyə əl-Bədri bəyan edib.