Əli Həsənov: "Azərbaycana demokratiya öyrətməsinlər”

"Bəzi kənar maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvidir".

 

APA TV-nin məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı deyib. Əli Həsənovun sözlərinə görə, heç kim deyə bilməz ki, Azərbaycan siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub: “Şura üzvləri hər bir təşkilatın müraciətini dəyərləndirib, sonra onlara qrant ayrılıb. Amma bu gün bizə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində ağıl öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdikləri qrantlara baxın. İllərdi, o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar. Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki Azərbaycan dövlətinin bütövlünü, suverenliyimizi pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan və Dağlıq Qarabağı təmsil edən “QHT-lər”lə bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti “postulatlar” çərçivəsində təhlil etdilər. Onları burada təbliğ edən qüvvələr - siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Eləsinlər, bu onların öz işidir. Amma Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar”.

 

Əli Həsənov qeyd edib ki, Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırılır.

 

Şöbə müdiri müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektorun formalaşdığını vurğulayıb, əlavə edib ki,  Azərbaycanda qeydiyyatdan keçmiş 3 minə yaxın QHT var.

 

Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşdirilməsinə 20 milyon manata yaxın vəsait sərf olunub.

 

Müəllif | Apa.Tv