Elman Mehdiyev: "Elektron xidmətlərin əhatə dairəsi genişləndiriləcək"
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondun Xaçmaz rayonunda 5 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. APA TV-nin xəbərinə görə, qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edib. Fondun məsul əməkdaşlarının və rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
Qəbuldan sonra jurnalistlərə açıqlama verən Elman Mehdiyev bildirib ki, 2014-cü ildə Dövlət Sosial Müdafiə Fond sistemi üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 34 % azalıb. Fond sədri buna həyata keçirilən ardıcıl tədbirlər nəticəsində əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin səbəb olduğunu qeyd edərək vurğulayıb ki, ötən il ərzində fondun 6 yeni elektron xidməti aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib.
Fond sədri bildirib ki, DSMF bundan sonra da elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün müraciətlərə aydınlıq gətirilməsi sahəsində fəaliyyətini davam etdirəcək.