Prezident İlham Əliyev: "Azərbaycan donor ölkəyə çevrilib”
“Hesab edirəm ki, post-sovet regionundakı bütün münaqişələr, o cümlədən dünyadakı münaqişələr eyni bucaqdan, eyni yanaşmadan həll edilməli, eyni beynəlxalq hüquq normaları tətbiq olunmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş “Transformasiya prosesində regionlar: Avrasiya” panelində çıxışı zamanı deyib.
Prezident bildirib ki, Azərbaycan üçün ən böyük problem Dağlıq Qarabağ münaqişəsi və onun həllidir.
“Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən törədilmiş işğaldan əziyyət çəkir, danışıqlar prosesi heç bir nəticə verməyib. Bir münaqişə həll olunmursa və uzanırsa, başqa münaqişələrə səbəb olur. Görürük ki, Orta Asiyanı çıxmaqla, post-sovet ərazisində vəziyyət acınacaqlıdır. Son 1 ildə çox şey dəyişib. Yeni təhdidlərlə qarşılaşmışıq ki, biz bunu heç vaxt təsəvvür belə də bilməzdik. Bunlar tək regional deyil, qlobal təhdidlərdir” - deyə, dövlət başçısı bildirib.
Dövlət başçısının sözlərinə görə, Avropadakı dəhşətli terror hücumları qeyri-sabitlikdən və ola bilər ki, lokal və ya regional məsələlərə doğru zamanda doğru reaksiya verilməməsi nəticəsində meydana gəlib.
rezident İlham Əliyev bildirib ki, transformasiya Azərbaycanda 1991-ci ildə - müstəqilliyin ilk vaxtlarında başlayıb. Dövlət başçısının sözlərinə görə, bu, region üçün ən böyük transformasiya idi.
"Eyni zamanda bizim üçün böyük çətinliklər yaradırdı. İlk növbədə biz yeni dövlət yaratmalı idik, eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə söykənən müasir iqtisadiyyat qurmalı idik. Bizim üçün transformasiya eyni zamanda siyasi sistem dəyişikliyi idi. Biz plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid etdik. Bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorun payına düşür. İqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir. Biz bu gün neft qiymətləri təzyiqindən getdikcə daha çox uzaqlaşırıq. Çünki bizim iqtisadiyyatımızın böyük bir hissəsi qeyr-neft sektorunda formalaşıb. Avropa Yenidənqurma və İnkişaf Bankının və digər təşkilatların köməyi ilə böyük infrastruktur layihələri həyata keçirilir. Hazırda Azərbaycan donor ölkəyə çevrilib” - deyə Azərbaycan prezidenti bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda bir sıra layihələri Azərbaycan özü maliyyələşdirir.
“Təbii ki, enerji təhlükəsizliyi bizim inkişafımız üçün vacib olub. Çünki Azərbaycan əsas enerji mənbələrinə malikdir. Hazırda bizim enerji mənbələrimiz regionda böyük rol oynayır. Bu yaxınlarda biz böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin əsasını qoymuşuq. Biz Azərbaycandan Avropaya qaz nəql edəcəyik. Bu, Avropanın ən böyük infrastruktur layihələrindən biri olacaq. İqtisadiyyatın diversifikasiyası bütün ölkələr, xüsusilə neft və qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biridir. Ancaq gələcəkdə daha çox iş görülməlidir. Çünki biz elə bir regionda yaşayırıq ki, tək mənfiyə deyil, həmçinin müsbətə doğru da transformasiya baş verir. Təəssüf ki, regionda bəzi mənfiliklər də var. Biz daha çox münaqişələr, təhdidlər, terror hücumları ilə üzləşirik” - deyə dövlət başçısı əlavə edib.