Yasamalda sərxoş sürücü qəza törətdi
Ötən gecə Bakının Yasamal rayonunda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib. Əsgər Yusifovun idarə etdiyi "Mercedes"ə eyni istiqamətdə hərəkət edən başqa bir "Mercedes" çırpılıb. Bundan əvvəl Əsgər Yusifov maşının sürətini azaldaraq, qanunla nəzərdə tutulan yerdən dönmək istəyib. Bu zaman digər arxadan yüksək sürətlə gələn və ara məsafəsini gözləməyən digər "Mercedes" ona çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki maşın yararsız hala düşüb. Qəzaya səbəb olan avtomobilin sürücüsü hadisədən dərhal sonra avtomobilini də ərazidə qoyaraq qaçıb. Hadisə yerində müayinə aparan Yol Patrul Xidmətinin əməkdaşlarının sözlərinə görə, qaçan sürücü sərxoş vəziyyətdə olduğu üçün, məsuliyyətdən boyun qaçırmaq niyyəti ilə hadisə yerindən yayınıb.
Hadisə ilə bağlı Yasamal Rayon Dövlət Yol Polis Şöbəsində araşdırma aparılır.