Səudiyyə kralı 91 yaşında vəfat etdi
Səudiyyə Ərəbistanının kralı Abdullah Əbdül Əziz əl Səud 91 yaşında dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb. Kral sarayı Abdullah Əbdül Əziz əl Səudun ölümünü təsdiqləyib.
Kral bu gün dəfn ediləcək. Onun cənazəsi paytaxt Ər-Riyaddakı İmam Türki bin Abdullah məscidinə aparılacaq, cənazə namazının ardınca Əl Ud məscidində dəfn ediləcək.
Qeyd edək ki, dekabrda həkimlər kral Abdullahda pnevmaniya aşkarlayıblar. O, Ər-Riyadda xəstəxanaya yerləşdirilmişdi. Bundan başqa, son dörd il ərzində kralın belində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılmışdı.
Kral Abdullanın ölümündən sonra Səudiyyə Ərəbistanın taxt-tacı Salman ibn Əbdül Əziz əl Səuda keçib. Onun 79 yaşı var. Kral Salman 2012-ci ildən ölkənin müdafiə naziridir. Bundan əvvəl isə paytaxt Ər-Riyad vilayətinin qubernatoru olub.
Qeyd edək ki, 1953-cü ildə Səudiyyə Ərəbistanının qurucusu kral Əbdül Əzizin ölümündən sonra hakimiyyət bir oğuldan digərinə ötürülür.