Sabunçu dairəsində yolu keçmək istəyən sərxoş piyada maşınla vurulub

Bakıda sərxoş piyadanı maşın vurub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. "Sabunçu dairəsi" yaxınlığında yolu keçmək istəyən 41 yaşlı Hümbət Hacıyev naməlum avtomobillə vurulub. Hadisəni törədən maşının sürücüsü yerə yıxılan piyadaya yardım etmək əvəzinə avtomobili ilə hadisə yerindən qaçmağa üstünlük verib.

Xəsarət alan piyadanı xəstəxanaya hadisə şahidləri gətiriblər. Müayinə zamanı məlum olub ki, maşınla vurulan piyada sərxoşdur və onun qolunda sınıq aşkarlanıb.

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırmalara başlanılıb. Əməliyyatçılar piyadanı vuraraq hadisə yerindən qaçan sürücünü axtarırlar. Ərazidəki təhlükəsizlik kameralarının görüntüləri əsasında avtomobilin markası və dövlət nömrə nişanı müəyyən edilib, sürücünün saxlanılması üçün tədbirlər görülür.

Müəllif | Apa.Tv
Apa.tv