Rusiyada hərbçini qətlə yetirən erməni tutuldu, ruslar kütləvi aksiyaya hazırlaşır

Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı şəhərində hərbçinin qətlində şübhəli bilinən erməni həbs edilib. APA TV-nin məlumatına görə, "Opera" kafesinin qarşısında daxili qoşunların xüsusi təyinatlı birləşmələrinin hərbçisi Dmitri Sidorenkonu qətlə yetirən 23 yaşlı Mixail Qriqoryan hadisə yerinin yaxınlığında tutulub.

Bu arada isə rus hərbçinin ermənilər tərəfindən öldürülməsinin təfərrüatı məlum olub. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, qətl şəhərdəki "Opera" karaoke-barının yaxınlığında gecə saatlarında baş verib. Bardakı masalarda əyləşən şəxslər arasında mübahisə yaranıb. Bir masada hərbçilər, digər iki masada isə ermənilər oturublar. Ermənilər öz aralarında Gümrüdə bir erməni ailəsinin rus hərbçi tərəfindən qətlə yetirilməsi faktından danışıb və yan masada əyləşən hərbçilərə söz atıblar. Daha sonra sayca çox olan ermənilər təhqirə keçiblər və hərbçilərə söhbəti bayırda davam etdirməyi təklif ediblər. Küçəyə çıxdıqdan sonra ermənilərə bir neçə avtomobillə "əlavə kömək" gəlib. Mübahisə "Oktyabr" və "Bibika" küçələrinin kəsişməsində kütləvi davaya keçib. Bu zaman hərbçi Dmitri Sidorenko ermənilər tərəfindən vəhşicəsinə döyülüb. Qonşuluqdakı mağazanın satıcısı bütün bunları görüb və qorxusundan qapıları dərhal bağlayıb.

Bundan sonra isə hərbçinin yalnız qışqırığı eşidilib. Şahidin sözlərinə görə, hərbçi bir neçə dəqiqədən sonra zarımağa başlayıb. Polisin gəldiyini görən ermənilər hadisə yerindən qaçıblar. Döyülən hərbçi təcili yardım maşını gələnədək dünyasını dəyişib.

Şahidlər bildiriblər ki, ermənilərin sayı 20 nəfərə yaxın olub. Onlardan bir neçəsi Dmitri Sidorenkonun qollarını tutub, Mixail Qriqoryan isə ölümə səbəb olan bıçaq zərbəsini vurub.

Hadisədən sonra Minvodda əhali arasında təşviş yaranıb. Şəhərin rus əhalisi tərəfindən sosial şəbəkələrdə "Gümrü hadisələrinin qisasını almaq istəyən ermənilərə Minvodda yer yoxdur!", "Rusiya ərazisindən təşkilatlanmış erməni cinayətkarları rədd olsun!" paylaşımları edilir. Xatırladaq ki, Stavropol ərazisində fəaliyyət göstərən "İmperiya Kazak İttifaqı" tərəfdarlarını şənbə günü ermənilərə qarşı keçiriləcək aksiyaya çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv