Azərbaycan prezidenti Davosda Şimon Peres və Corc Soros ilə görüşüb
Davosda Azərbaycan prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edilib və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırılıb. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevi İsrailin sabiq prezidenti Şimon Pereslə də görüşüb. Görüşdə iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Davosda həmçinin “Soros Fondu”nun təsisçisi Corc Soros ilə görüşüb. Görüşdə Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb.