Prezident İlham Əliyev Davosda “Bakı 2015”in təqdimatında iştirak edib

Yanvarın 22-də Davosda “Bakı 2015” ilk Avropa Oyunlarının təqdimatı olub.

 

Prezident İlham Əliyev mərasimdə iştirak edib. Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılıblar. Azərbaycan prezidenti mərasimdə çıxış edib: "Fikrimcə, bu oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünün həm də idman ənənələri ilə seçilən ölkə kimi tanındı. Sonuncu London olimpiya oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. 10 medal qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cü, Avropa ölkələri arasında 15-ci olduq. Fikrimcə bu səbəblərdən biri idi. Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Xüsusən də son on il ərzində iqtisadiyyatımız 3 dəfədən çox artıb. Davos dünya iqtisadi forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur oyunların Bakıda keçirilməsi qərarında rol oynadı. Beləliklə, qonaqları və turistləri gözləyirik. İndi hazırlıq işinin son mərhələsindəyik. Oyunlar bizə onsuz da həyata keçirilməli olan layihələri daha qısa müddət ərzində reallaşdırmaq imkanını yaratdı. Hazırda biz Xəzər dənizinin sahilində Bakı idman şəhərciyini də yaradırıq. Öz nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, ola bilsin, regionda ən yaxşı şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır, eyni zamanda Xəzərin sahilində uzunluğu 16 km olan yeni gəzinti zonası yaradılır və bu qonaqlar , idmançılar , turistlər üçün gözəl məkan olacaq.

 

Fəxr edirik ki, Avropa oyunlarından sonra 2016-cı ildə dünya şahmat olimpiadasını keçirəcəyik. Eyni zamanda ilk dəfə olaraq Formula-1 yarışması regionumuza gələcək. Bu yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını bir araya gətirir.  2 ildə Bakı Avropa və İslam oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərinin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığı çox millətli, çox konfensiyyalı və mədəniyyətli ölkədir. Avropa oyunları dostluq və əməkdaşlıq oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək. Sizləri Bakıya dəvət edirəm!! Bu yüksək nailiyyəti birlikdə qeyd etmək üçün yolunuzu gözləyirik!"

 

Daha sonra “Bakı 2015”ə həsr olunmuş film nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv