Robert Köçəryan: "İqtidarın "Permyakov işi" ilə bağlı mövqeyi erməniləri alçaldır"
“Avrasiya İqtisadi İttifaqına daxil olmaqla, Qərb şirkətləri üçün cəlbediciliyimizi itirmiş olduq. İranla ticarətimizin həcminin taleyi də məlum deyil. İqtisadiyyatda inhisarçılıq artır, mövcud siyasi monopoliyanın qorunub-saxlanacağı fonunda daxili siyasi vəziyyət normallaşmayacaq”. APA-nın məlumatına görə, bunu “2rd.am” saytına müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Köcəryan deyib. Ermənistan milli valyutasının sürətlə ucuzlaşmasına toxunan Köçəryan hökumət nümayəndələrinin bunu geosiyasi proseslərin nəticəsi kimi təqdim etmək cəhdlərinin yersiz olduğunu vurğulayıb. Sabiq prezident Ermənistan hökumətini dünyada neftin qiymətinin ucuzlaşmasından lazımi dividentlər götürə bilməməkdə də günahlandırıb. Ucuz yanacağın Rusiyadan pul köçürmələrinin azalmasını kompensasiya edə biləcəyini deyən eks-prezident bunun baş verməməsini ölkədə yanacağın qiymətlərinin monopoliyada olması ilə əlaqələndirib. O, həmçinin Ermənistanın idxal etdiyi təbii qazın qiymətinə yenidən baxmaq imkanlarının olduğunu qeyd edib, lakin “Qazprom”la imzalanan problemli sazişə görə bu işin çətinliyinə diqqət çəkib. Ermənistan iqtisadiyyatının yaxın perspektivi ilə bağlı optimist olmadığını deyən Robert Köçəryan ümidverici proqnoz verə bilməyəcəyini bildirib. "Ermənistanın suveren reytinqinin neqativə qədər azalması xarici kreditləşmənin daha da bahalaşmasına gətirib çıxaracaq. Halbuki ölkənin xarici borcu onsuz da çoxdur” deyə o vurğulayıb. Gümrü şəhərində rus hərbçinin bir ailənin 7 üzvünü qətlə yetirməsi ilə bağlı yaranmış vəziyyətə də toxunan Robert Köçəryan bu cinayətin qəddarlığının bütün Ermənistanı silkələdiyini bildirib. İnsanların etirazlarının proqnozlaşdırılmayan nəticələrə gətirib çıxara biləcəyini deyən sabiq prezident Ermənistan rəsmilərinin anlaşılmayan və ziddiyyətli bəyanatlarının onsuz da gərgin vəziyyətə milli alçalma hissi qatdığını qeyd edib.