Zavod direktoru: "Ötən il Xəzərə 5 milyon nərə körpəsi köçürülüb"
Neftçalada yerləşən Xıllı Nərə Balıqartırma Zavodu 2014-cü ildə Kür çayı vasitəsi ilə Xəzərə 5 milyon nərə körpəsi köçürüb. Zavodunun direktoru Zaur Salmanov APA TV-yə deyib ki, hər il zavodda yetişdirilən nərə cinsli balıq körpələri artırılaraq, Kür çayının mənsəbinə buraxılır. Zavod əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Fəaliyyət göstərdiyi illər ərzində müəssisədə ümumilikdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə çatdıqdan sonra (1-1,2 qram) Kür çayının mənsəbinə ötürülüb.
Zaur Salmanov deyir ki, Xıllı Nərə Balıqartırma zavodunun əsas fəaliyyət mexanizmi nərəkimilərin artırılmasında qəbul olunmuş ümumi prinsiplər əsasında qurulub: "Xüsusi vətəgə məntəqələrində ovlanmış nərə cinsli törədici balıqların nəqliyyat vasitələri ilə zavoda daşınması təmin edilir".
Son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən (1-1,2 qram) yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektiv olur, yəni nərə körpələrinin yaşama ehtimalı xeyli yüksəlir.
2013-cü ildə Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. Kürüdən kürüyə prinsipi qorunaraq zavodda saxlanılan və təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb: "Təmir-törədici fondu yaradılması məqsədilə Xıllı Nərə Balıqartırma Zavodunda 2004-cü ildən elmi-praktiki eksperimentlər həyata keçirilir. Hazırda zavod şəraitində süni yolla alınmış 5000 ədəddən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır".
Azərbaycan Xəzəryanı ölkələr sırasında nərə körpələrinin Xəzərə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncülüyü qazana bilib.