Qoşunların təmas xəttində taxıl sahələrində həşəratlar çoxalıb
Qoşunların təmas xəttinə yaxınlıqda yerləşən taxıl sahələrində el arasında "taxıl hafı" kimi tanınan taxıl böcəyi (Zabrus tenebrioides) həşəratlarının çoxalması müşahidə olunur. Bu barədə APA TV-nin Qarabağ bürosuna yerli sahibkarlar məlumat verib. Hazırda Ağdam Ağcabədi, Xocavənd və Füzuli rayonlarının ərazisində yerləşən Ergi və Haramı düzlərində dəmyə şəraitdə becərilən 3500 hektardan çox sahədə bu növ həşəratlar yayılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Füzuli rayonu üzrə mütəxəssisi Yusif Hüseynov bildirib ki, rayon ərazisində 281 hektar taxıl sahəsində taxıl böcəklərinin olduğu aşkarlanıb və zərərvericilərə qarşı tədbir görülüb. Mərkəzin Beyləqan rayonundakı nümayəndəliyindən də bildirilib ki, taxıl böcəklərinin rast gəlindiyi sahələr ciddi nəzarət altına alınıb və dərmanlama işləri aparılır. Mütəxəssislərin sözlərinə görə, bir taxıl böcəyi bir dəfədə 16-30 yumurta qoymaqla sürətlə çoxalmaq qabiliyyətinə malikdir. Bir kvadratmetr sahədə 3-dən çox böcək müşahidə olunursa, bu, artıq taxıl sahəsinin ciddi təhlükə altında olmasına işarədir.