Kəndə meyit aparan avtomobil Bakıda qəzaya uğradı: 1 ölü - REAL GÖRÜNTÜ
Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində bir nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib. APA TV-nin məlumatına görə, Rusiyanın Voronej şəhərində vəfat etmiş Neftçala rayonunun Xol Qaraqaşlı kənd sakini, 1982-ci il təvəllüdlü Əliyev Cəsur Teyyub oğlunun cənazəsini gətirən “QAZel” markalı yük avtomobili ilə "Shacman" toqquşub. Nəticədə “QAZel” markalı avtomobildə olan sərnişin, Astara rayon sakini Həyat Rəsulov hadisə yerində ölüb. Avtomobili idarə edən mərhumun qardaşı Nurlan Teyyub oğlu Əliyev isə xəstəxanaya yerləşdirilib.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “QAZel” markalı avtomobildə olan sərnişin ölüb. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.