Şəkidə polisi döyən şəxslər tutuldu

Şəkidə polis əməkdaşına xəsarət yetirən şəxslər həbs edilib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, axşam saatlarında üç nəfər nəməlum şəxs əlbir olaraq rayon sakini, 1968-ci il təvəllüdlü Akif  Əlibəy oğlu Zamanovu döyüblər. Hadisə baş verən zaman ərazisində mülkü formada olan Şəki RPŞ-nin əməkdaşı Famil İxtiyar oğlu Səmədov xidməti vəsiqəsini göstərərək savaşanları ayırmaq istəyib. Lakin əlbir olan həmin üç nəfər polis əməkdaşını da döyərək qaçıb. Keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində Akif  Zamanov və Famil Səmədovu döyənlərin əvvəllər məhkum edilmiş, 1992-ci il təvəllüdlü Vüsal Kənan oğlu Baqiyev, 1979-cu il təvəllüdlü Natiq Əziz oğlu Rəhimov və 1981-ci il təvəllüdlü Fuad Vaqif oğlu Babayev olduğu müəyyən edilib. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, xəsarət alan polis əməkdaşı Famil Səmədovun müalicəsi  hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında aparılır. Digər xəsarət alan Akif Zamanov isə ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Akif Zamanov hərbi polisdə işləyib, hazırda təqaüddədir.

 

Faktla cinayət işi başlayıb, istintaqın aparılması  Şəki Rayon Prokurorluğuna  həvalə edilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov