Bakıda zibil qutusundan istifadəyə yararlı silah-sursat tapılıb

Bakının Nərimanov rayonunda sellofan torbada istifadəyə yararlı silah-sursat tapılıb. APA TV-nin məlumatına görə, Nərimanov rayonu Əliyar Əliyev 114 ünvanında sellofan torbada silah-sursatın zibil qutusuna atılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub.

 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə üzrə Çevik Qrupunun mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. 

 

FHN-in mütəxəssisləri zibil qutusundakı torbaya baxış keçirərkən 2 ədəd  istifadəyə yararlı "F-1" əl-qumbarası  və 2 ədəd zapal aşkar ediblər.

 

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib. Döyüş sursatları hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv