Bölgələrdə yem məhsulları bahalaşıb
Bölgələrdə yem məhsullarının bahalaşması müşahidə olunur. Xususilə, quru ot və yoncanın qiymətində baş verən artım fermerləri ciddi narahat edir. Sahibkarlar hesab edirlər ki, bahalaşma uzunmüddətli olsa, maldarlıq sahəsində ciddi problemlər yarana bilər.
Yem bazarında zəruri yemçilik məhsullarının bahalaşması əsasən ötən ilin yaz-yay aylarının quraqlıq keçməsi ilə əlaqələndirilir. Ot və yonca satışı ilə məşğul olanlar iddia edirlər ki, bu növ məhsulları daha ucuz satmaq sərfəli deyil.
Maldarlıqla məşğul olanlar isə, qiymətlərin bu səviyyədə qalacağı halda daha heyvandarlıqla məşğul olmayacaqlarını deyirlər.
Yem məhsullarının bahalaşması ət bazarına da ciddi təsir göstərir. Ət satışı ilə məşğul olan sahibkarlar hesab edirlər ki, bazarda tarazlığın bu cür pozulması ət və ət məhsullarının birdən-birə bahalaşmasına səbəb ola bilər.
APA TV-nin xəbərinə görə, uqtisadçılar deyirlər ki, bu cür hallar hər il qış fəslinin sonuna yaxın yaranır. Yaz aylarından etibarən, daha doğrusu heyvandarlıq üçün yaşıl yem meydana gəldikdən sonra təbii şəkildə tənzimlənir.