İtkin düşmüş 31 nəfərin işğal olunmuş ərazilərdə sağ qaldığı ehtimalı var - RƏSMİ
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. APA TV-nin xəbərinə görə, Dövlət Komissiyasının sədri Eldar Mahmudov Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu bildirib, mövcud status-kvonun dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırıb. Bildirib ki, 2014-cü il ərzində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən törədilmiş təxribat-diversiya əməlləri bunu bir daha təsdiq edir. Komissiya sədri bildirib ki, 2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonuna getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Onun meyitinin qaytarılması prosesi üç ay uzanıb. İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsi ilə məhkəmə şousu təşkil edilib. Heç bir dövlət və beynəlxalq qurumun tanımadığı və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin özünün, məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir.
Dövlət Komissiyasının katibi Firudin Sadıqov bildirib ki qurum beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlıq nəticəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində cari hesabat dövründə 8 humanitar proses həyata keçirib.
Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində 2014-cü il sentyabrın 5-də yolu azaraq Ermənistan hərbçilərinin nəzarəti altında olan əraziyə keçmiş və girov götürülmüş Azərbaycan vətəndaşı, 1999-cu il təvəllüdlü Cavid Müzəffərzadə 2014-cü il sentyabrın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib və ailəsinə təhvil verilib. 2012-ci il iyulun 26-da Azərbaycanın Tovuz rayonunun Ermənistanla sərhəd ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş - 1992-ci il təvəllüdlü Firuz Fərəcovun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilib, lakin Ermənistan tərəfinin pozuculuq fəaliyyəti nəticəsində Firuz Fərəcov 2013-cü ilin avqustunda üçüncü ölkəyə göndərilib.
BQXK-nın yaxından iştirakı ilə Qazax rayonu ərazisində Ermənistanla sərhəd bölgəsində minaya düşərək həlak olmuş və minalanmış ərazidə qalmış 2 Azərbaycan vətəndaşının meyiti ərazidən çıxarılaraq yaxınlarına təhvil verilib. Qazax rayonunun işğal edilmiş Aşağı Əskipara kəndinin ərazisində 2013-cü il oktyabrın 6-da minaya düşdüyü bildirilən bir Azərbaycan vətəndaşının meyitinin çıxarılması ilə bağlı hazırda BQXK ilə müzakirələr aparılsa da, Ermənistanın bu məsələyə laqeyd yanaşması və hətta bu faktı inkar etməsi nəticəsində meyitin tapılıb ərazidən çıxarılması mümkün olmayıb.
Azərbaycan isə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, hesabat dövründə 12 ermənini azad edib, saxlanma yerində qəflətən ölmüş bir erməni hərbçisinin meyitini təhvil verib. Proseslər Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində Müdafiə Nazirliyi ilə birlikdə BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.
Eyni zamanda, 2010-cu il yanvarın 10-da üçüncü dövlətin ərazisində yaşamaq niyyəti ilə Azərbaycan Respublikasına qanunsuz keçmiş və o vaxtdan ölkəmizdə saxlanılan Ermənistan vətəndaşları olan 5 nəfərdən ibarət Gevorkyanlar ailəsi də aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında qarşı tərəfə təhvil verilib.
Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında aparılan dəqiqləşmə nəticəsində 22 nəfərlə bağlı məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib. Hesabat dövründə aparılmış araşdırma zamanı 11 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və barələrində zəruri axtarış-araşdırma işinə başlanıb. 33 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərin isə adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib. 2014-cü il dekabrın 10-na olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. Eyni zamanda, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.