Ermənilər sərhədi keçmək istəyən hərbçini arxadan güllələyiblər
Ermənistan ordusunda təlaş: fərarilər, güllələnmələr, intiharlar, xəstəliklər...
Cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, əldə olunan son məlumatlara əsasən işğal olunmuş ərazilərdə yerləşən erməni bölmələrindən birinin əsgəri Ermənistandan hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qollarının damarlarını kəsərək həyatına qəsd edib: “Digər bir fakt isə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına qəsd etmək məqsədilə özünü hündür qayadan atması olub. Əsgər sağ qalsa da, ağır kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı diaqnozu ilə alayın tibb məntəqəsinə yerləşdirilib. Əldə olunan başqa bir məlumata görə isə hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülməsi və dayaq məntəqəsində onun meyitinin tələm-tələsik basdırılmasıdır”. Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, işğal olunmuş ərazilərdə yerləşən erməni hərbi bölmələrində xəstəliklərlə əlaqədar karantin elan edilib. Havaların kəskin soyuması, dağlıq və ağır iqlim şəraitində işğal olunmuş ərazilərimizdə dislokasiya olunan Ermənistan Silahlı Qüvvələrinin kazarma və postlarının istiliklə təmin olunmaması səbəbindən hərbi hissələrə yeni çağırılmış gənc əsgərlər arasında orta və ağıra dərəcədə pnevmoniya xəstəliyi epidemiya formasında yayılıb. Məlumata görə, xəstəliklərin sayının artması ilə əlaqədar hərbi hissələrdə yerli komandanlıq tərəfindən karantin elan olunub. Bu barədə Ermənistan Silahlı Qüvvələrinin hərbi tibb idarəsinin rəisi polkovnik Kamavor Xaçatryanın adına daxil olmuş məruzə-arayışda bildirilir. Sənədə əsasən, hərbi hissələrin Harut adlı hərbi həkimin rəhbərliyi ilə keçirilən təcili tibbi yoxlaması zamanı 800 nəfər şəxsi heyətin 75 faizinin soyuqdəymə və qripə yoluxaraq sıradan çıxdığı məlum olub. Ağır infeksion xəstəlikdən əziyyət çəkən şəxsi heyətin yerləşdirildiyi Xocavənd hərbi hospitalında yer çatışmazlığı səbəbindən orta məktəblərdə dərslərin dayandırılması və binaların lazaret kimi istifadə edilməsi təklif olunur. Məruzə-arayışda müalicə üçün ixtisaslı həkimlərin, lazımi preparatların yoxluğu, bu səbəbdən də əsgər valideynlərinin özlərinin dərmanları alması da qeyd olub.