Masallıda maskalı şəxslər evə basqın ediblər: 2 yaralı
Masallıda maskalı şəxslər evə basqın ediblər. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Ərkivan qəsəbəsində baş verib. Üç nəfər maskal şəxs qəsəbə sakini, 44 yaşlı İlqar Çiləxan oğlu Məmmədova məxsus evin yataq otağına daxil olaraq, ev sahibinə və həyat yoldaşı, 36 yaşlı Qərənfil Tofiq qızı Məmmədovaya küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onlardan pul tələb ediblər.
Maskalılar ev sahibəsinin qızıl boyunbağını, üzüyünü, 2 mobil telefonu və daha bir neçə qiymətli əşyanı qarət edərək, aradan çıxıblar.
Hadisədən xəbər tutan qonşular dərhal təcili yardım stansiyasına və polisə məlumat veriblər. İlqar Məmmədov və həyat yoldaşı Qərənfil Məmmədova Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisəni törədənlərin yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.