Astarada maşın qaz borusuna çırpılıb, sürücü ölüb
Astarada ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 233-cü kilometrliyində, yolun rayonun Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayonunun Degədi kənd sakini, 28 yaşlı Elçin Firudin oğlu Qasımovun idarə etdiyi "VAZ -2106" markalı minik avtomobili qəfildən idarəetmənin itirilməsi nəticəsində aşıb və yolun kənarındakı şam ağacına, daha sonra qaz borusuna çırpılıb. Avtomobilin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, qaz borusu isə sıradan çıxdığından Ərçivan qəsəbəsinə mavi yanacağın verilməsində fasilə yaranıb. Həmçinin, bir neçə hissəyə bölünmüş minik avtomobili istifadə üçün tamamilə yararsız vəziyyətə düşüb.
Hadisənin avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal olunur.
Qəzanın dəqiq səbəbləri təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra sonra məlum olacaq.
Faktla bağlı Astara Rayon Polis İdarəsində araşdırma aparılır.