Bakıda 23 yaşlı sərxoş sürücü qəza törətdi

Ötən gecə Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospektilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Həsən Əliyev küçəsi ilə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü, 23 yaşlı Pərviz Qədirov işıqforun qırmızı işığına məhəl qoymayıb. Nəticədə "Mercedes" Azadlıq prospekti ilə hərəkət edən və Məmməd Məmmədova məxsus "Chevrolet" markalı maşınla toqquşub. "Mercedes" yol kənarındakı işıqfora da çırpılıb və dirəyi yerindən çıxarıb. Sürət yüksək olduğundan avtomobil  hadisə yerindən təxminən 30 metr kənara düşüb.

 

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, qəzaya səbəb olan  sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib. Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıya ilkin tibbi yardım göstərib, daha sonra onu Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Pərviz Qədirovun həyatı üçün təhlükə yoxdur.

 

Amma onun sürücülük hüququ üçün təhlükə var. Çünki faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların yekununda sərxoş sürücünün səbəb olduğu hadisəyə hüquqi qiymət veriləcək.

 

Müəllif | Apa.Tv