Balakən sakini həmyerlisini bıçaqlayıb
Balakən rayon sakini həmkəndlisini bıçaqlayıb. Yanvarın 25-i axşam saatlarında rayonun Qazma kənd sakini, 33 yaşlı Vüqar Xalid oğlu Xəlilov döş qəfəsinin sol nahiyəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına (RMX) çatdırılıb.
Vüqar Xəlilovun üzərində cərrahiyə əməliyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Vüqar Xəlilovla həmkəndlisi, 22 yaşlı Samir Bəxtiyar oğlu Muradlı arasında şəxsi münaqişə zəminində mübahisə olub. Samir Muradlı üzərində gəzdirdiyi bıçaqla Vüqar Xəlilova bir-neçə zərbə vurub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Samir Muradlı tutulub.
Faktla bağlı araşdırma aparılır.