Dövlət Əmək Müfəttişliyi: Cəzalar sərtləşdiriləcək

"Dünyada olduğu kimi, Azərbaycanda da istehsalatda bədbəxt hadisələrin baş verməsi halları olur. Amma bununla bağlı statistikada artım yoxdur".

 

APA TV-nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov deyib. Onun sözlərinə görə, bundan sonra da işçilərin mühafizəsi istiqamətində görülən işlər davam etdiriləcək, cəzalar sərtləşdiriləcək. APA TV-nin məlumatına görə, baş verən nöqsanları aradan qaldırmayan tikinti şirkətləri və daş karxanaları indiyədək 2000 manat məbləğində cərimə olunurdusa, bundan sonra bu rəqəmin 5000 manatadək artırılması nəzərdə tutulur: "Artıq 2 dəfə “Təhlükəsiz iş ongünlüyü”nü keçirmişik. Bu həftəlik ərzində 14 tikinti idarəsində işçilərin sağlamlığı və həyatı üçün təhlükə olduğu aşkarlanıb. Nöqsanlar aradan qaldıranadək həmin tikinti şirkətlərinin fəaliyyəti dayandırılıb. Bunu  eyni zamanda 4 daş karxanasına aid etmək olar".

 

Məhərrəm Məhərov Xidmət tərəfindən bu il yanvarın 26-dan fevralın 5-dək Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan olunduğunu deyib: “Bu 10 gün ərzində qurum əməkdaşları baxış keçirəcək. Bakı şəhərində 3 yerdə, bölgələrdə - Sumqayıt, Gəncə, Lənkəran işəgötürənlərin iştirakı ilə əməyin təhlükəsizliyi məsələlərinə həsr olunmuş dəyirmi masalar, seminar-müşavirələr, görüşlər keçiriləcək.  Yeni videoçarxlar bütün televiziyalarda nümayiş olunacaq. Eyni zamanda, DƏMX, sosial tərəfdaşlar, sığorta şirkətləri və müəssisələrin nümayəndələri ilə birgə əməyin mühafizəsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirəsi üçün tədbirin keçirilməsi də nəzərdə tutulur”.

 

Bu tədbir işəgötürənlərin və işçilərin, ümumən cəmiyyətin diqqətini əməyin təhlükəsizliyi problemlərinin ciddiliyinə yönəldilməsini məqsədilə həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv