DGK sədri: "Bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq məqsədilə istifadə edirlər"

"Elektron ticarət asan vasitədir. Eyni zamanda bəzi işbazlar bu sahədən vergidən yayınmaq məqsədilə istifadə edirlər". APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev verib. Komitə sədri bildirib ki, ötən ilin dekabrında MDB ölkələrinin gömrük xidmətləri rəhbərlərinin Şurasının sonuncu iclasında da Rusiya gömrük xidmətinin təşəbbüsü ilə artıq bu problem barədə arayış hazırlanıb.

“Arayışda bu ticarət növünün bir problem olaraq ərsəyə gəlməsi, vergilərdən yayınması, müəyyən razılıq və lisenziyanın, qeydiyyat tələb olunan malların idxalı ilə bağlı problem yaratdığı qeyd edilib. Azərbaycanda da mobil telefonlar idxal olunarkən müəyyən qeydiyyatdan keçməlidirlər. Buna görə də bu tip elektron ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Bizim borcumuzdur ki, Azərbaycanda qoyulan qanunun riayət olunmasını təmin edək”.

Bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqdan danışan komitə sədri bildirib ki, hazırlıqlar yüksək səviyyədə aparılır. Komitə sədri deyib ki, bununla əlaqədar işçilər təlim keçib, gömrük məntəqələri lazım olan avadanlıqlarla təmin olunub.

“Nəinki dövlət məmurunun, həmçinin bütün vətəndaşların borcudur ki, dünyada ilk dəfə keçiriləcək tədbirə zəhmətini əsirgəməsin. Birinci Avropa Oyunları ilə bağlı ölkəyə gələnlərin baqajlarının vaxtında və tez rəsmiləşdirilməsi bizim borcumuzdur. Buna da nail olmağa çalışacağıq”.

Bu gün Dövlət Gömrük Komitəsində Aydın Əliyev və Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma naziri yanında nazir-deleqat xanım Maria Julie Bloqo Bi Nzendonqun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Komitə sədri deyib ki, bu gün Azərbaycanda DGK müstəqil orqandır və nazirlik statusuna malikdir. DGK sədri ölkə başçısının dəstəyi ilə maddi-texniki bazanın formalaşması üçün iri layihələr həyata keçirildiyini vurğulayıb. Aydın Əliyev Azərbaycanda dünyada ilk dəfə olaraq gömrükdən keçmə vaxtının müəyyən edilməsi üzrə “Stadi-taym” proqramının tətbiq edildiyini və bu ilin fevral ayında bu proqramın Brüsseldə təqdim ediləcəyini bildirib.

Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma naziri isə ölkəsinin iqtisadiyyatı, siyasi vəziyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Nümayəndə heyəti Azərbaycana səfəri zamanı baş müavini ilə görüşəcək, İqtisadiyyat və Sənaye Nazirliyində görüşlərin keçirəcək, həmçinin Azərbaycanın gömrük xidmətinin fəaliyyəti ilə ətraflı tanış olacaq.
 

Müəllif | Apa.Tv