Təhsil Nazirliyi: “Ali məktəblərə ödənişli əsaslarla tələbə qəbul etməyə imkan yaradılacaq”

"12 illik təhsilə keçidlə bağlı fikirlər bildirilməzdən öncə dünyanın inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatlar təhlil edilib". APA TV-nin məlumatına görə, bu fikirləri Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. Onun sözlərinə görə, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır. Dünya təhsil sistemlərindən inteqrasiyadan danışılırsa, Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Aydın Əhmədov bunun sadə proses olmadığını bildirib:

"12 illik təhsilə keçid sadə proses deyil. Hazırda ölkədə ümumi təhsilin müddəti 11 ildir. 11 il ərzində 4 illik ibtidai, 6 il ibtidai orta, 2 il tam orta təhsil nəzərdə tutulub. 12 illik təhsilə keçid tədris planlarında köklü şəkildə dəyişikliyi, buna əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur. Buna da müəyyən işlərdən başlamaq lazımdır. Kurrikulum üzrə keçən müddət ərzində təhsil prosesində müəyyən təhlillər aparılıb. Hazırda kurrikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması nəzərdə tutulur".

Aydın Əhmədov qeyd edib ki, bütün təhsil pillələrinə uyğun təhsil proqramları 12 illik sistemə uyğunlaşdırılacaq. İndidən hansı tədris ilindən 12 illik təhsilə keçiləcəyi barədə danışmaq tezdir. Bundan başqa o, bildirib ki, Azərbaycanda məktəbəqədər hazırlıq bilavasitə məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də təşkil olunacaq.

Ödənişsiz təhsil sisteminə gəlincə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib ki, bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə, dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə, qəbul planının ləğvindən gedir. Onun sözlərinə görə, bu gün ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi təhsilə görə ödəniş haqlarının ləğvi mənasına gəlmir.

"Sadəcə, ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq, təhsil haqqı isə əvvəlki kimi olacaq. Orta və ali təhsil müəssisələrinə tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə imkan yaradılacaq”.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova