Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Mərkəzi  icra hakimiyyəti orqanları rəhbərlərinin  bölgələrdə vətəndaşlarla görüşləri davam edir.  APA TV-nin yerli bürosunun məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov  Kürdəmir şəhərində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan bir  qrup   vətəndaşı qəbul edib. Nazirliyin müvafiq struktur rəhbərlərinin də  iştirak etdikləri qəbulda  hər bir vətəndaş  diqqətlə dinlənilib. Müraciətlər əsasən yeni  məktəblərin  tikintisi, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, işədüzəlmə, tədris müəssisələrində yaş həddi,  iş yerinə bərpa olunma, dərs saatlarının  artırılması, təhsil haqqında sənədlərin tanınması, təhsil haqqının ödənilməsi və digər məsələlərlə bağlı olub.

 

Müraciətlərin bir çoxu elə  yerindəcə  həllini tapıb.  Araşdırılması  zəruri  olan  bəzi müraciətlərlə əlaqədar  nazirliyin müvafiq strukturlarına  konkret tapşırıqlar verilib. Nazirliyi  səlahiyyətlərinə aid olmayan  müraciətlər isə  müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. Qəbulda  57  nəfər  vətəndaşın  müraciətinə  baxılıb.

 

Müəllif | Apa.Tv
Zahid Abışov