Ziya Məmmədov: "Son 10 ildə ölkədə 300 körpü tikilib"
Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yol-nəqliyyat sahəsində ölkəyə gələcək əcnəbilərin, habelə əhalinin gediş-gəlişini təşkil etmək üçün xüsusi proqram hazırlanıb. Bunu nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazirin sözlərinə görə, artıq oyunlarla bağlı dəhlizlər, yollar bəllidir: "Oyunlarla əlaqədar ölkəyə yeni nəqliyyat vasitələri gətiriləcək. Ölkəyə 300 “London taksi”si gətirilib. Gətirilən 300 taksiyə dövlət qeydiyyat nişanı verilib. Bundan başqa, fevralın sonu, martın əvvəlində ölkəyə daha 200 bu tip taksi gətiriləcək".
Nazir bildirib ki, sürücülərin dil maneəsinin aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər həyata keçirilir. Bakı-Sumqayıt arasında sürətli elektrik qatarının fəaliyyətə başlayacağı ilə bağlı səslənən fikirlər münasibət bildirən Ziya Məmmədov deyib ki, bu məsələ Nəqliyyat Nazirliyinin qurumları arasında müzakirə edilir: "Ölkə daxilində sürətli qatarların və tramvayların çəkilməsi bir növ xəyala bənzəyir. Belə bir arzu var. Bunu reallaşdırmaq üçün böyük maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, dünyada neftin qiyməti aşağı düşüb, müəyyən proseslər gedir. Bu da böyük layihələrin icrasına öz təsirini göstərir, onların həyata keçirilməsini ləngidir".
Bakıda keçirilən "Yol infrastrukturunun tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi" mövzusunda keçirilən tədbirdə Ziya Məmmədov bildirib ki, Azərbaycanda 2014-cü ildə nəqliyyat sektoruna 2,5 mlrd. dollar sərmayə yatırılıb. Nazir qeyd edib ki, ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib. Onun sözlərinə görə, son 10 ildə respublika üzrə 11 min km yol, 300 körpü tikilib. Körpülərin 70-i Bakının ərazisindədir.