Cəlilabadda yaşayış evində partlayış olub, ər-arvad ağır yaralanıb
Cəlilabadda yaşayış evində güclü partlayış olub, ər və arvad xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatınma görə, hadisə yanvarın 26-da Cəlilabad şəhərinin Fərid Əhmədov küçəsində 50 yaşlı Mədinə Əliyevanın yaşadığı fərdi yaşayış evində qeydə alınıb. Otaqda elektrik lampasının yandırılması partlayışa səbəb olub. Nəticədə evin döşəməsi və tavan hissəsi yararsız hala düşüb. Partlayış zamanı evdə yanğın olmasa da, Mədinə Əliyeva və onun həyat yoldaşı, 48 yaşlı Ərəstun Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağırlaşdığından Bakıdakı xəstəxanalardan birinə yola salınıblar. İlkin versiya kimi partlayışın yerin altından keçən qaz xəttindəki sızmadan baş verdiyi ehtimal olunur.