Yunan təyyarəsi NATO bazasının üzərinə düşdü - REAL GÖRÜNTÜ

İspaniyada müəmmalı təyyarə qəzası baş verib. APA TV-nin "Euronews"sa istinadən verdiyi məlumata görə, Yunanıstan Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb. F-16 Lyanos aeroportundan havaya qalxdıqdan bir neçə saniyə sonra anqarın üzərinə düşüb. Həmin vaxt orada ayrı-ayrı ölkələrin pilotları və mexaniklər olub. Ölənlərin ikisi yunan təyyarəçisi, səkkizi isə Fransa vətəndaşıdır. On doqquz nəfərin də yaralandığı bildirilir. "Hadisə bir göz qırpımında baş verdi. Mən təyyarənin uçuş zolağından lazım olan sürəti yığıb havalandıqdan sonra sağ tərəfə meylləndiyini gördüm. Bundan sonra isə o yerə düşüb partladı". Partlayış nəticəsində ərazidə olan bir neçə hərbi texnikaya da ciddi zərər dəyib. Xatırladaq ki, yunan və fransız pilotları bu günlərdə hadisə baş verən ərazidə NATO qüvvələrində təcrübənin artırılması üçün təlimdə iştirak edirlər. Hadisənin baş verdiyi yer nəzarətə götürülüb. Yanğınsöndürənlər və xilasedicilər gücləndirilmiş iş rejimində işləyirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırırlar.

 

Müəllif | Apa.Tv
Apa.tv