OPEK rəhbəri: “Neftin qiyməti 200 dollara qalxa bilər, əgər...”
OPEK rəhbəri Abdulla əl-Bədrinin neftin qiymətinə dair son proqnozlarından sonra dünya bazarında “qara qızıl”ın qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, bu gün mart ayı üçün imzalanan fyüçerslərdə Brent markalı neftin bir barelinin qiyməti 48,32 dollar müəyyənləşib. WTI markalı neftin qiyməti də gün ərzində 0,27 faiz bahalaşaraq 45,27 dollara çatıb.
Qeyd edək ki, OPEK rəhbəri neftin qiymətinin artıq son həddədək ucuzlaşdığını açıqlayıb və artıq qiymətlərin yaxın günlərdə yenidən bahalaşmağa başlayacağını bildirib. O hətta qiymətlərin qəfildən sürətlə bahalaşa biləcəyini də istisna etməyib. Abdulla əl-Bədrinin sözlərinə görə, neft yataqlarının işlənməsinə investisiyalar yatırılmayacağı təqdirdə bazarda neft qıtlığı yarana bilər ki, bu da qiymətlərin 200 dollar həddinədək bahalaşmasına səbəb ola bilər. Dünya bazarında neft satışı üzrə ixtisaslaşmış menecerlər isə neftin bir müddət ucuzlaşacağını istisna etmir, lakin onlar da qiymətlərin qəfildən bahalaşması üçün əsasların yarandığını etiraf ediblər.