Sabiq deputatın oğlunun maşınından 2 meyit tapılıb - YENİLƏNİB
Bakıda avtomobildən 2 meyit tapılıb. Lent.az-ın məlumatına görə, Xətai rayonunda dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1979-cu ildə anadan olmuş Məmmədova Esmira Arif qızının yarıçılpaq meyiti aşkarlanıb. Heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub.
Hadisənin baş verdiyi avtomobil paytaxt sakini, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğlu Abdulqədir Ansuxskiyə məxsusdur.
Xətai RPİ-dən APA TV-yə bildirilib ki, Miri Muxtarov Abdulqədir Ansuxskinin sürücüsü olub. Lakin Abdulqədir Ansuxski bu məlumatı təkzib edib. O, maşınını bir neçə il əvvəl etibarnamə ilə satdığını, avtomobilin indiki sahibi ilə tanış olmadığını bildirib. Hazırda Balakəndə yaşadığını deyən Ansuxski Xətai rayonunda qarajının olmadığını da əlavə edib.