Məşhur həkimlər Leyla Yunusu Bakıda müayinə ediblər

Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verilib və bunun üçün bütün şərait yaradılıb.

 

APA TV-nin xəbərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yaydığı məlumatda bildirilir ki, həbs edilmiş hüquq müdafiəçisinin müayinəsində yerli həkimlər də iştirak edib. Leyla Yunusovanın tam müayinəsi 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb. 2015-ci il yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın növbəti müayinəsi həyata keçirilıb, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusovaya ginekoloji və onkoloji müayinədən keçmək dəfələrlə təklif edilib, lakin o, həmin müayinələrdən imtina edib.

 

Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov da daxil edilib.

 

Müəllif | Apa.Tv