Bakıda Holokost qurbanları anılıb
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti ilə birlikdə Beynəlxalq Holokost qurbanlarının Anım Gününə həsr edilən dəyirmi masa keçirib. APA TV-nin xəbərinə görə, Mərkəzin icraçı direktoru Azad Məmmədov bildirib ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd edilir. Tədbir bəşər tarixinin ən dəhşətli faciələrindən olan Holokost soyqırımının nəticələrindan bir daha ibrət götürülməsi missiyasına xidmət edir. Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışında qeyd edib ki, Holokost faciəsinin Azərbaycanda müasirlərin gözü ilə müzakirə edilməsi multikulturalizm dəyərlərinin təzahürüdür. Bu eyni zamanda Azərbaycan vətandaşları tərəfindən yəhudi xalqının da tarixinə qiymət verilməsi və acılarını birlikdə bölüşməsi mənasını verir. İsrailin Akko şəhərinin meri Şimon Lankri multikulturalizm dəyərlərinin hər iki cəmiyyətə verdiyi töhfələrin nəticələri və reallıqlar barədə danışıb. Daha sonra tədbir iştirakçılarının maraqlı müzakirələri aparılıb. İştirakçılar belə bir ümumi qənaəti bölüşüblər ki, Holokost və Xocalı faciələri nümunələrindən çıxarılan ən əhəmiyyətli dərslərdən biri çağdaş dünyada anti-semitizm, irqçilik, ksenofobiya, islamofobiya və insanlara kütləvi nifrət aşılayan digər cinayətlərin qarşısının alınmasında multikulturalizm dəyərlərinin dövlət və vətəndaş cəmiyyəti qurumları tərəfindən təşviq edilməsi mühüm əhəmiyyət daşıyır.