ABŞ-da 60 milyon insan təbii fəlakətdən zərər görüb

ABŞ-ın 4 ştatında - Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında güclü qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ölkənin böyük şəhərlərinin əsas yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bəzi ştatlardakı yaşayış məntəqələrində isə yollar tamamilə iflic vəziyyətinə düşüb. Qış aylarında Nyu-York üçün qar yağması adi hal sayılsa da çovğun təhlükə yaradıb. Küləyin sürəti saatda 80 kilometrə çatıb. Yerli sakinlər qarın hündürlüyünün bir metrdən artıq olduğunu deyirlər. Turistlər - xüsusilə də isti ölkələrdən gələnlər isə xoşbəxt olduqlarını bildiriblər. Avstraliyalı turist Stef sevincini gizlətməyib: "Bir anın içində hər şey dəyişdi, sanki eyni yerdə iki müxtəlif şəhərdəsən". Başqa bir avstraliyalı Din isə belə havanın onun üçün göydəndüşmə olduğunu qeyd edib: "Mən bu şəraitdən istifadə edib, hətta mərkəzi parka xizək sürməyə də getdim".

 

Nyu-York və Boston sakinlərinin isə gündəlik qayğıları artıb. Nəqliyyat problemindən başqa adı çəkilən ştatlarda məktəblər də fəaliyyətini dayandırıb. Bu azmış kimi, yarana biləcək elektrik nasazlığı barədə də xəbərdarlıq edilib. Qar fırtınasından 60 milyon insanın əziyyət çəkdiyi bildirilir.


 

Müəllif | Apa.Tv
Apa.tv