Azərbaycanda pensiya sistemində dəyişiklik

 

"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində əksini tapıb".

APA TV-nin xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra olunacaq. Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 26 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək: "Ümumilikdə bütün əmək pensiyaçılarının 95 faizi, xüsusi rejimdə pensiya alan şəxslər istisna olmaqla yerdə qalan 1 milyon 215 minlik hissəsi əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Bundan əlavə, 3 milyona yaxın sığorta olunanın fərdi hesablarındankı pensiya kapitalları həmin indeksləşdirilməyə məruz qalacaq".

 

Fond rəhbəri bildirib ki, 2007-ci ildən başlayaraq, prezident tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 9 sərəncam verilib.

2014-ci ildə Azərbaycanda inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 1,4 faizlik indeksi qeydə alınıb: "Pensiyanın ümumi məbləği 200 manatdırsa, bunun 100 manatlıq hissəsi baza, 100 manatı isə sığortadır. İndeksləşdirmə ötən ilin inflyasiya faizinə uyğun olaraq, yalnız sığorta hissəsinə şamil olunacaq. Yəni, ötən il inflyasiya kifayət qədər aşağı göstərici ilə nəzərə alınıb, amma sistem bu göstəricinin aşağı olmasına baxmayaraq, əgər hər hansı bir mövcud təsirlər varsa, onları qarşılamağı nəzərdə tutur. Bu əsasda da ötən il aşağı səviyyədə də olsa 1, 4 faiz inflayasiya qeydə alınıb. Həmin göstəriciyə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsi yenidən hesablanaraq artırılacaq. Yəni inflaysiya bazar iqtisadiyyatı şəraitində pensiya məbləğlərinə heç bir mənfi fizikal təsir göstərmir".

 

Elman Mehdiyev  bildirib ki, hazırda prezident tərəfindən imzalanmış pensiya islahatları konsepsiyasına uyğun olaraq qanunvericiliyə dəyişikliklər üzərində işlər gedir.

Bununla da pensiyalar hazırkı baza və sığorta hissəsindən deyil vahid tərkibdə sığorta hissəsindən ibarət olacaq. Bunun üstünlüyü isə indeksləşdirmə prosesində bütün pensiya məbləğlərinin indeksləşməsinin aparılması olacaq. 

Müəllif | Apa.Tv