Lənkəranın nohur balıqçıları - REPORTAJ

Son illər Lənkəranda inkişaf edən sahələrdən biri də nohur balıqçılığıdır. Süni göllərdə yetişdirilən balıqlara tələbatın kifayət qədər olması  fermerlərin bu sahəyə marağını artırıb. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Separadi kənd sakini Zaur Nurullayev beş ilə yaxındır nohur balıqçılığı ilə məşğuldur. Pay torpaq sahəsində ümumi ərazisi bir hektar olan süni göl yaradan təsərrüfatçı burada yüksək məhsuldarlığa malik balıqlar yetişdirir. Əsasən 4 növdə - sazan, ağ amur, enlialın və şamayı balıqlarını kiçik vaxtlarında alaraq gölə buraxır: "Dörd ilə yaxındır, balıqçılıqla məşğulam. Daha çox sazan, enlialındır. Balıqlar əsasən əkmə yonca, çay otu, kəpək və təbii yeməklərlə qidalanırlar".

 

Fermerin sözlərinə görə, balıqların böyüməsi üçün 6 aya kimi gözləmək lazım gəlir. Buna qədər isə balıqların saxlanma şəraitinə və qidalanmasına düzgün riayət edilməlidir. Bu məqsədlə gölə mütəmadi olaraq arpa, əkmə yonca, kəpək və çörək qırıntıları səpilir. Balığın satışında heç bir problemin olmadığını deyən fermer bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlətin dəstəyinə  də ehtiyac olduğunu deyib: "İstəyimiz odur ki, banklar bizə aşağı faizlə güzəştli kreditlər versin və biz də təsərrüfatımızı genişləndirək".

 

Mütəxəssislərin fikrincə, rayonda balıq yetişdirmək üçün vətəgələr inşa olunsa nohur balıqçılığı daha geniş inkişaf etdirilə bilər. Hələlik isə təsərrüfatçılar kiçik balıqları Neftçala rayonundan gətirməli olurlar.

 

Müəllif | Apa.Tv