Azərbaycan prezidenti: "Məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar"
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məmurlara xəbərdarlıq edib. APA TV-nin məlumatına görə, dövlət başçısı deyib ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar: "Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.
Prezident qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: "Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.
Ölkə başçısı deyib ki, əksər hallarda məmurlarla bağlı müsbət mənzərə müşahidə olunur. Amma mənfi mənzərə yaşananda tədbir görülür, məmurlar cəzalandırılır: "Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: "Gedin, təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun". Budur, əsas tələblərim”.
Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil: "Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər, burada oturanlar bilmir ki, subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır".
Dövlət başçısı məmurları şəffaflığa şağırıb. Onun fikrincə, yalnız şəffaflıq və səmərəli işlə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.